Bura mənim dünyamın sadəcə bir hissəsinin əksidir...

суббота, 16 июля 2016 г.

Kəpənək qadın və Monster

Boz bir qayalıqda onu qucaqlayıb oturmuşdum.Qollarımı hər açdıqca sinəmdən isti hənirti gəldikcə isinirdik qayaların arasında və hər dəfə qulaqlarına sevgi sözləri pıçıldadıqca nəfəsimdən çəhrayı parıltı çıxıb boz qayalıqlara səpilirdi.Əllərimi əllərində sıxdıqca barmaq uclarımdan ölmüş əlvan kəpənəklər tökülürdü yerə.Səs tonu yüksək olduqca saçlarımın arasından gül ləçəkləri qırılıb ayaqlarımızın altına səpilirdi.Mən hər üzüləndə gözümdən kül tökülürdü lakin o getməsin deyə ona sarılmağa davam edirdim.Bir gün qalxdı ayağa və dedi ki "Sən çox həssas qadınsan səninlə davrana bilmirəm çıx get,Nazlı".Ağrılar başladı belimdə yerə yıxıldım ayaqlarıma qan süzüldü kürəyimdən.Sonra qəribə varlıq hiss etdim belimdə çırpınmağa başladı.Baxdım ki qanadlarım var necə də parlaq,böyük,rəngli...Göylərə uçdum.Yuxarıdan qayalıq necə də sərt,soyuq görünürdü,günəşə yaxınlaşdıqca bədənim isinib parlamağa başlamışdı,nəfəsimdən çıxan çəhrayı parıltı səmaya yayılırdı,barmaqlarımın arasından əlvan kəpənəklər çıxıb havaya qarışırdı,güllər açırdı saçlarımın arasında.Aşağıda güllər görünməyə başlamışdı,mavi dəniz,yaşıl ağaclar...Uçmaqdan mutlu olmuşdum.Arxaya çöndüm baxdım bir anlıq.Boz və sərt qayalıqların arasında bir Monster oturmuşdu...