Bura mənim dünyamın sadəcə bir hissəsinin əksidir...

среда, 3 августа 2016 г.

Onun ad günü

Bir gecə oyanmaq,
Tərli yastıqdan qalxmaq,
Pəncərəyə yaxınlaşmaq sərin meh əsir ,
Saçlarım rəqs edir...
Yatağıma tərəf dönürəm,
Divarda təqvim görürəm.
Bu gün görüşümüzdən altı il keçir.
Sabah ad günün dostların da gələcək,
Hər kəs bir təbrik,hədiyyə gətirəcək.
Açıram çəkməcəni şəklimizi tapıram,
Qucaqlayıram,sonra bir də baxıram.
Hardasan indi hansı ölkədəsən?
Hansı şəhərdə,hansı mənzildəsən?
Necə yaxınlıqda,necə də yanımdaydın,
Neçə cür şəkildə əllərin çiynimdə...
Telefonu tapıram siqaret yandırıram,
Xəyallara dalıram...
Bəlkə yazım bir təbrik,bəlkə də zəng edim?!
Bəlkə ikicə sətir,mesajla nəql edim?!
Nolsun ayrılmışıq,hisslərim qarışıq?!
Yumub gözümü yuxuya gedirəm,
Səhər açılacaq günüm yaxşı olacaq.
Açılır səhər güzgüyə baxıram,
İşə tələsirəm saçımı darayıram.
Birdən zəng gəlir nömrə də başqadı,
-"Salam darıxıram,
-Bu gün ad günüm,
Yəqin unutmusan...
Səsini eşitmək,
Hədiyyə etmək...
Nə olar bi şey de"
-Deyirsən mənə,
Fincan əlimdən düşür çay yerə dağılır,
Elə istəyirəm deyim ki sənə,
"Unutmamışam...
Zəng edəcəkdim,
Yanına gəlməyə,
Səni görməyə,
Nələr verəcəkdim"
Elə bu anda sanki zaman dayanır,
Gözüm qaralır xəttin o başında,
Həmin bu anda yuxulu səslə körpə ağlayır...


вторник, 2 августа 2016 г.

Bir dəlinin şeiri

Gecələr ulduz səpilir səmadan yatağıma,
Yuxuda görmüşdüm ki,çiçəklərlə gəlmisən.
Oyandım,çöndüm baxdım aynaya,
Yağış yağırdı yaman görəsən üşümürsən?!
Eyni dünyada yaşayıb ayrı həyatlardayıq,
Bəlkə də ağlına gəlməz bir gün qayıdaram.
Eyni yataqda hər gün 2 yastığım var,
Bəlkə gün gələr bir səhər səninlə ayılaram.
Şimşəklər çaxır burda tez-tez gecələr,
"Kafirin pəncərəsini" dinləyirəm könül dincələr.
Qafiyə pozulur yenə şeirim korlanır,
Bakının harasındasa,hansısa ünvanda,
Tənhalığına sarılan biri oxuyub ağlayır...
Gələrsən...
Bir gün yığışıb gələrsən.
Kövrələrsən sevincdən sonra da gülərsən.
Açarsan şeirlərimi oxuyub...oxuyub...
Hər sətrimin altında,hər baş hərfdə,
Axtararsan özünü,tapıb üzülürsən.
Gələrsən bir gün axşam bir film izləyərik,
Qucaqlayarsan o gecə yuxuya gedərik.
Ulduzlar səpilər səmadan yenə yatağıma,
Ətrin yayılar tənhalıq qoxan sərin otağıma.
Səhər məni pıçıltınla öpüb oyadarsan,
Arxaya çönüb baxaram sən yox olarsan.
Yastığına toxunaram səthi sərindi,
Çiynimə toxunar burnum ətir sənindi.
Bağlayaram gözlərimi yenə o səs gəlir:
-Xanım,həbləri içməyi unutmayın,sabahınız xeyir...