Bura mənim dünyamın sadəcə bir hissəsinin əksidir...

воскресенье, 21 февраля 2021 г.

İntihar etdirməyin, YAŞADIN!



Türkiyədə məhşur və çox sevilən psixolog Gülseren Budayıcıoğlunun gündəliyi əsasında çəkilmiş"Masumlar Apartmanı" filminə demək olar ki hər kəs baxıb. Serialın əsas məqsədi və vermək istədiyi mesaj "uşaqları sevgisiz böyütməyin"dir. Sevgisiz qurulan ailə, ana olmağı dərk etməyən və şiddət altında böyümüş ana, eynilə özü böyüdüyü formada uşaqlarını da böyüdür və hamısını xəstə edir. Onlar hər kəsə qarşı sevgisiz və önyarğılı davranaraq insanlara davamlı pis davranırlar, hamının görünüşünü ələ salırlar və iyrənc ləqəblərlə xitab edirlər.SƏBƏB - Sevgisizlik. 

Bu serialı izləməyi və nəticə çıxarmağı hər kəsə məsləhət görürəm. Əks halda evi tərk edən, yalnış çevrələr və yollar seçən, intihara sürüklənən gənclik daha da "inkişaf edəcək".

Lütfən:

Sevmədiyiniz qadınla (kişiylə) evlənməyin. Ürəyinizdə yara varsa "qaysağı tam qopub düşməmiş" başqa bir insanı həyatınıza almayın.

Hamiləliyi (ata olmağı) tam dərk etmirsiniz, hazır deyilsiniz, atanız-ananız nənə-baba olmaq istədikləri üçün, valideyn olmağa yaşınız keçdiyi üçün, "ərə gedən doğar da" kimi axmaq fikir üçün dünyaya uşaq gətirməyin.

Sevdiyiniz insanla belə 1 il 2 il sadəcə təklikdə yaşayın (evli olsanız belə). Uşaq üçün tələsməyin. Əmin olun ki, aranızda hər şey yaxşıdır, siz birlikdə bir insan yetişdirə, bir ömrü sonadək başa vura, ailənin artan məsuliyyətlərini daşıya bilərsiniz sonra uşaq planlaşdırın.

Savadsız, təhsilsiz elementar mütaliəsi olmayan insanla evlənməyin. Xarakteri yaxşıdırsa, mükəmməl insandırsa və sizin savadınız varsa onunla bildiklərinizi paylaşın. Kitablar oxuyun dünya görüşü artsın və müzakirə etmək üçün mövzular çoxalsın. Xüsusilə dünya görüşü və mütaliəsi olmayan qadın uşaqlarınıza heç nə öyrədə bilməyəcəy'i dərk edin. Savadlı, ağıllı, güclü ana uğurlu uşaqlar, uğurlu gələcək və nəticədə çox uğurlu nəsil deməkdir. İlin-günün bu vaxtı kitab oxumayan, dünyadan xəbəri olmayan "1 sinif savadı" olan qadınlara uşaq doğuzdurmayın.

UZM'də qız uşağı gördükdə aborta qaçmayın. Qız uşağı olanlara baş sağlığı verməyin. Qızınız onlarsa onun çiyinlərinə "namus" yükü qoymayın. Həyat onsuz da ona yüklənəcək yaşı artdıqca siz həyatını çətinləşdirməyin. Çətinləşməkdə olan həyatını necə asanlaşdıra bilər, qayğılarını necə azalda bilər, arzularına necə çata bilər və bunun üçün nə etməli olduğunu öyrədin.

Karyeranı, təhsili "Oxu ki, yaxşı pul qazanasan mənim günümdə olmayasan" kimi yox "Oxu ki, arzularına çatmaq asan olsun. Ölkələri asanlıqla gəzə biləsən, istədiyin hər yerə gedə biləsən, istədiyin hər şey asan olacaq həyatında" kimi təbliğ edin. "Mənim kimi olmayasan" deməmək üçün də özünü də inkişaf etdirin. Övladınıza bərbad nümunə olmayın.

Kitabı başına vura-vura oxutdurmayın. Gözünün önündə kitab oxuyun, maraqlı mövzular açın, sənədli filmlər izləyin və onda öz uşağınızın tipinə görə "zəif nöqtəsini tapıb" onda maraq oyadın.

Övladınızla aranızda uçurum olmasın deyə onun oxuduğu kitabları oxuyun, musiqiləri dinləyin, lazım olsa onunla kluba da gedin rəqs edin, şəhərə də çıxıb gəzin. Övladınız özünü sizə yaxın hiss edənə qədər anlamasanız da onun zövq aldığı hər şeylə maraqlanın. Sizin də aranızda müzakirə üçün və bu müzakirə əsasında verə biləcəyiniz məsləhətlər üçün səbəb olacaq.

Uşağınız səhv etdiyində "Səndən imtina edərəm filan şeyi etsən", "Başını kəsərəm pul verib çıxaram", "Səni küçəyə ataram" kimi insanlığa sığmayan təhditlərdənsə hər səhv etdiyində onu sarıb-sarmalayın. Daha dərin və daha faciəvi səhvlər etməyə itələməyin bilərəkdən və ya bilməyərəkdən. Hansı addımın nəylə nəticələnəcəyini məntiqi və itici olmayan fikirlərlə ifadə edin. Nə olursa olsun yanında olacağınızı lakin o hər yalnış etdiyində sizi çox üzəcəyini bildirin. Həmin səhvləri etmiş insanların bərbad olmuş həyatlarını onlara nümunə gətirin. Nümunə olmasa lap uydurun eybi yox əsas o nə edərsə nə yaşaya biləcəyini təxmin edib çəkinsin. Küçədə qalacağından, sizin onu öldürəcəyindən qorxduğu üçün yox öz gələcəyi, arzuları üçün narahat olub səhv etməsin deyə. Heç bir halda övladınızdan sevgini əsirgəməyin. Ən qatı və vəhşi qatilin belə vəkili olur məhkəmədə. Siz valideyn olaraq bunları edə bilməyəcəksinizsə lütfən uşaq dünyaya gətirmək barədə təkrar-təkrar düşünün. Xüsusilə qızlarınıza qarşı həssas olun. Qadınlar ailə qurarkən özlərinə yaxşı ər seçməzdən əvvəl övladlarına yaxşı ata seçməyi prioritet qoysunlar. Yaxşı ata zatən həm də yaxşı ər olacaq. Bir də ailədə anlaşılmamazlıq olarsa ailəni uşaq körpə ikən tərk edin. Qoy o uşaq davalı, sevgisiz münasibəti izləyərək böyüməsin. Gözləməyin ki, böyüsün sonra gedəsiz. O sizə elə gəlir ki, övladınız daha az əziyyət çəkəcək. Əksinə, 10 il 15 il 20-25 il atasının varlığına öyrənmiş övlad birdən birə atanın gedişiylə məhv olur. Elə bir travma alır ki, dünya yığışsa o uşaq toparlanmır.

Sonda psixoloq Gülsərən xanımın fikri ilə yazımı bitirirəm:

Valideynlərinin sevgisindən məhrum olan uşaqları dünya yığışıb sevsə yenə də doydura bilməz. Onlar hər zaman yarımçıq və mutsuz olacaqlar 

Övladlarınıza qıymayın yoldaşlar. Sevgi, anlayış, mərhəmət və dünyada nə qədər gözəl anlayışlar varsa hamısı pulsuzdur. Onları əsirgəməyin lütfən...