Bura mənim dünyamın sadəcə bir hissəsinin əksidir...

воскресенье, 21 февраля 2021 г.

İntihar etdirməyin, YAŞADIN!



Türkiyədə məhşur və çox sevilən psixolog Gülseren Budayıcıoğlunun gündəliyi əsasında çəkilmiş"Masumlar Apartmanı" filminə demək olar ki hər kəs baxıb. Serialın əsas məqsədi və vermək istədiyi mesaj "uşaqları sevgisiz böyütməyin"dir. Sevgisiz qurulan ailə, ana olmağı dərk etməyən və şiddət altında böyümüş ana, eynilə özü böyüdüyü formada uşaqlarını da böyüdür və hamısını xəstə edir. Onlar hər kəsə qarşı sevgisiz və önyarğılı davranaraq insanlara davamlı pis davranırlar, hamının görünüşünü ələ salırlar və iyrənc ləqəblərlə xitab edirlər.SƏBƏB - Sevgisizlik. 

Bu serialı izləməyi və nəticə çıxarmağı hər kəsə məsləhət görürəm. Əks halda evi tərk edən, yalnış çevrələr və yollar seçən, intihara sürüklənən gənclik daha da "inkişaf edəcək".

Lütfən:

Sevmədiyiniz qadınla (kişiylə) evlənməyin. Ürəyinizdə yara varsa "qaysağı tam qopub düşməmiş" başqa bir insanı həyatınıza almayın.

Hamiləliyi (ata olmağı) tam dərk etmirsiniz, hazır deyilsiniz, atanız-ananız nənə-baba olmaq istədikləri üçün, valideyn olmağa yaşınız keçdiyi üçün, "ərə gedən doğar da" kimi axmaq fikir üçün dünyaya uşaq gətirməyin.

Sevdiyiniz insanla belə 1 il 2 il sadəcə təklikdə yaşayın (evli olsanız belə). Uşaq üçün tələsməyin. Əmin olun ki, aranızda hər şey yaxşıdır, siz birlikdə bir insan yetişdirə, bir ömrü sonadək başa vura, ailənin artan məsuliyyətlərini daşıya bilərsiniz sonra uşaq planlaşdırın.

Savadsız, təhsilsiz elementar mütaliəsi olmayan insanla evlənməyin. Xarakteri yaxşıdırsa, mükəmməl insandırsa və sizin savadınız varsa onunla bildiklərinizi paylaşın. Kitablar oxuyun dünya görüşü artsın və müzakirə etmək üçün mövzular çoxalsın. Xüsusilə dünya görüşü və mütaliəsi olmayan qadın uşaqlarınıza heç nə öyrədə bilməyəcəy'i dərk edin. Savadlı, ağıllı, güclü ana uğurlu uşaqlar, uğurlu gələcək və nəticədə çox uğurlu nəsil deməkdir. İlin-günün bu vaxtı kitab oxumayan, dünyadan xəbəri olmayan "1 sinif savadı" olan qadınlara uşaq doğuzdurmayın.

UZM'də qız uşağı gördükdə aborta qaçmayın. Qız uşağı olanlara baş sağlığı verməyin. Qızınız onlarsa onun çiyinlərinə "namus" yükü qoymayın. Həyat onsuz da ona yüklənəcək yaşı artdıqca siz həyatını çətinləşdirməyin. Çətinləşməkdə olan həyatını necə asanlaşdıra bilər, qayğılarını necə azalda bilər, arzularına necə çata bilər və bunun üçün nə etməli olduğunu öyrədin.

Karyeranı, təhsili "Oxu ki, yaxşı pul qazanasan mənim günümdə olmayasan" kimi yox "Oxu ki, arzularına çatmaq asan olsun. Ölkələri asanlıqla gəzə biləsən, istədiyin hər yerə gedə biləsən, istədiyin hər şey asan olacaq həyatında" kimi təbliğ edin. "Mənim kimi olmayasan" deməmək üçün də özünü də inkişaf etdirin. Övladınıza bərbad nümunə olmayın.

Kitabı başına vura-vura oxutdurmayın. Gözünün önündə kitab oxuyun, maraqlı mövzular açın, sənədli filmlər izləyin və onda öz uşağınızın tipinə görə "zəif nöqtəsini tapıb" onda maraq oyadın.

Övladınızla aranızda uçurum olmasın deyə onun oxuduğu kitabları oxuyun, musiqiləri dinləyin, lazım olsa onunla kluba da gedin rəqs edin, şəhərə də çıxıb gəzin. Övladınız özünü sizə yaxın hiss edənə qədər anlamasanız da onun zövq aldığı hər şeylə maraqlanın. Sizin də aranızda müzakirə üçün və bu müzakirə əsasında verə biləcəyiniz məsləhətlər üçün səbəb olacaq.

Uşağınız səhv etdiyində "Səndən imtina edərəm filan şeyi etsən", "Başını kəsərəm pul verib çıxaram", "Səni küçəyə ataram" kimi insanlığa sığmayan təhditlərdənsə hər səhv etdiyində onu sarıb-sarmalayın. Daha dərin və daha faciəvi səhvlər etməyə itələməyin bilərəkdən və ya bilməyərəkdən. Hansı addımın nəylə nəticələnəcəyini məntiqi və itici olmayan fikirlərlə ifadə edin. Nə olursa olsun yanında olacağınızı lakin o hər yalnış etdiyində sizi çox üzəcəyini bildirin. Həmin səhvləri etmiş insanların bərbad olmuş həyatlarını onlara nümunə gətirin. Nümunə olmasa lap uydurun eybi yox əsas o nə edərsə nə yaşaya biləcəyini təxmin edib çəkinsin. Küçədə qalacağından, sizin onu öldürəcəyindən qorxduğu üçün yox öz gələcəyi, arzuları üçün narahat olub səhv etməsin deyə. Heç bir halda övladınızdan sevgini əsirgəməyin. Ən qatı və vəhşi qatilin belə vəkili olur məhkəmədə. Siz valideyn olaraq bunları edə bilməyəcəksinizsə lütfən uşaq dünyaya gətirmək barədə təkrar-təkrar düşünün. Xüsusilə qızlarınıza qarşı həssas olun. Qadınlar ailə qurarkən özlərinə yaxşı ər seçməzdən əvvəl övladlarına yaxşı ata seçməyi prioritet qoysunlar. Yaxşı ata zatən həm də yaxşı ər olacaq. Bir də ailədə anlaşılmamazlıq olarsa ailəni uşaq körpə ikən tərk edin. Qoy o uşaq davalı, sevgisiz münasibəti izləyərək böyüməsin. Gözləməyin ki, böyüsün sonra gedəsiz. O sizə elə gəlir ki, övladınız daha az əziyyət çəkəcək. Əksinə, 10 il 15 il 20-25 il atasının varlığına öyrənmiş övlad birdən birə atanın gedişiylə məhv olur. Elə bir travma alır ki, dünya yığışsa o uşaq toparlanmır.

Sonda psixoloq Gülsərən xanımın fikri ilə yazımı bitirirəm:

Valideynlərinin sevgisindən məhrum olan uşaqları dünya yığışıb sevsə yenə də doydura bilməz. Onlar hər zaman yarımçıq və mutsuz olacaqlar 

Övladlarınıza qıymayın yoldaşlar. Sevgi, anlayış, mərhəmət və dünyada nə qədər gözəl anlayışlar varsa hamısı pulsuzdur. Onları əsirgəməyin lütfən...

четверг, 17 ноября 2016 г.

Çəhrayı Patik

İstəyirəm gələsən, qaçaq bir səssiz yerə hansı ki, orda insanlar yoxdu ya da var ama azdı. Balaca ev olsun dənizə açılan pəncərələriylə, ya da ağacın budaqları üstündə taxtadan bir ev olsun orda yaşayaq. Xudmani bir ev, cəmi 2 otaq, 1 mətbəx və hamam otağı. Qışda qarlar yağsın, mən başı açıq çölə çıxdığım üçün danlayasan balaca uşaq kimi sonra dodağımı büzdüyüm üçün qucaqlayıb "Sənin üçün narahatam da dəliii, küsmə" deyəsən. Yayda pəncərədən gələn mehə oyanasan. Yataqda olmadığımı görüb yastığıma toxunasan səthi sərindi demək çoxdan oyanmışam fikri gələ sənə. Əvvəl "Sevgilim" deyərək çağırasan səs gəlməyincə boş ev şalvarını geyinib köynəksiz tez bayıra çıxasan. Səhərdi qum tam isinməyib dalğaların səsində sahili süzəsən hardayam deyə axtarasan gözlərinlə. Uzaqdan husky-lə çəhrayı donda oynayan bir qız görəsən və mən olduğunu anlayıb qaça-qaça gəlib qucaqlayasan "Darıxdım səninçün" deyəsən. İtimizi gəzdirirdim deyə mənimçün darıxasan, oyanan kimi. Düşünə bilirsən evə gəlirik itə yemək verirəm, hər zamankı kakaolu peçenyelərimdən stola qoyuram, lavandalı çay dəmləyirsən birini də mənimçün süzürsən, "Nahardan sonra gedək dənizdə çimək?" deyirsən, gülümsəyirəm, "Gedərik" deyirəm. " Bu gün çox parlaq görünürsən təbəssümün başqadı deyirsən" yenə gülümsəyirəm susuram, yaxınlaşıram sənə başımı sinənə qoyub "Səninlə xoşbəxtəm" deyirəm narın səs tonuyla. Səni qucaqlayanda belimə sarılmağın mənə bütün bəşəriyyətin o an məni qucaqlaması kimi gəlir. Qapı döyülür. Poçtalyon sənə qırmızı bantlı qutu verir imzalamağını istəyir. Bağlama sənə gəlibmiş. Təəccüblənirsən axı bu gün ad günün deyil,bayram da deyil axı bu nədi kim göndərib? Üzərində göndərilən ünvan da yoxdu. Mənə baxırsan "Bəlkə səhvən gəlib, ama yox üstündə axı adım var" deyirsən. Üzünə baxıram heç bir şərh vermirəm. Divanda oturub lenti açırsan, sonra qapağı. İçində çoxlu tül var. Əlinlə axtarmağa başlayırsan içindən hərarət ölçən alətə oxşar bir şey çıxır. O tərəf bu tərəfə çevirirsən birdən gözün alətin ekranına sataşır orda "Pregnant" yazılıb. (Səhər mənim iti gəzdirmək bəhanəsiylə bu sürprizi etmək üçün yaxınlıqdakı poçta gedib kuryerə bunu öz ünvanımıza sifariş etdiyimi anlayırsan)Əlin havada donub qalırsan gözlərin dolur, həyəcan, bilmirsən necə reaksiya verəsən, məni qucağına götürürsən, əllərin əsir, bədənin əsir bu anı ömür boyu gözləmisən və indi ata olacağını öyrənirsən, telefonu axtarırsan evdəkilərə zəng etməyə bu an telefon özü zəng çalır...
Gözlərimi açıram.Səhər saat 9:30 şənbə günüdü. Yanımda yatmısan. Bir əlini belimə keçirmisən. Yatağımın yanında gecə lampası və uşaq patikləri var. Qolumu uzadıb telefonumu götürməyə çalışıram. Klinikadan həkimim zəng edir. Yataqdan qalxıb mətbəxdə danışmağa getmək istəyirəm ki məni bərk qucaqladığını görüb asta səslə danışmağa qərar verirəm:
-Alo.
-Sabahınız xeyir, Nigar xanım. Analizlərinizin və müayinənizin nəticəsi gəlib. Klinikaya yaxınlaşa bilərsiz?
-Nəsə olub? Niyə telefonda demirsiz? 
-Bilirsiz, nəticələr elə də yaxşı deyil. Siz ana ola bilməyəcəksiz... mm lakin narahat olmayın bu sadəcə analizlərin nəticəsidi, bilirsiz də hər şey Allahın əlindədi və siz müalicə oluna bilərsiz, ümid həmişə var, lakin buna hazır olmalısınız. Sizin ana olmaq ehtimalınız çox aşağıdır. Klinikada söhbət edə bi.... (dəstəyi asıram)
Uşaq patiklərinə gözüm sataşır. Çəhrayı balaca patiklər və sənin sözlərin qulağıma gəlir "Qızımın patiklərini indidən alaq. Deyirlər belə şeylərin özünəməxsus enerjisi olur. Patikləri alaq ki, qızımız da onun enerjisiylə tez gəlsin". Həkimin sözlərindən çox məni bu cümlələr məhv edir... Hönkürtü ilə ağlaya bilmirəm çünki məni qucaqlayıb yatmısan. Gözümdən səssiz yaş süzülür. Səsim çıxmasın deyə özümü saxlayıram. Gözümü yumuram, məhv oluram...



понедельник, 26 сентября 2016 г.

Qarğış

Məni incitdiyin qədər incinəsən,
Gözlərimdən axar yaş hər səhər,
Sən gecələr necə dincəlirsən?!
Məni qucaqladığın qollara sığmaz başqa qadın,
Xəyanət edərkən kim oldun sən?

Ruhu fahişə,nədi sənin adın?!
Qanadların vardı mənimçün,
"O mələkdi"-deyərdim hər kəsə,
"Kişidən mələk olmaz"-deyirdi dostlar həmişə,
Yerə-göyə qoymazdım səni sevərdim bir nəfəsə,
Dünyaları bəxş etdiyimiz insanlar,
Laiq görür bizi qəfəsə...
Fəryad etsəm bir gün günəş doğmaz bir də,
Qara geyinər dünya bəşəriyyət gülməz bir də.
Nazlı sevdiyi insan sevgi görməz bir də,
Mənə nə yaşatmısansa bir gün eynisini yaşayasan,
Deyil kişi olmaq özünə insan demə bir də...


среда, 3 августа 2016 г.

Onun ad günü

Bir gecə oyanmaq,
Tərli yastıqdan qalxmaq,
Pəncərəyə yaxınlaşmaq sərin meh əsir ,
Saçlarım rəqs edir...
Yatağıma tərəf dönürəm,
Divarda təqvim görürəm.
Bu gün görüşümüzdən altı il keçir.
Sabah ad günün dostların da gələcək,
Hər kəs bir təbrik,hədiyyə gətirəcək.
Açıram çəkməcəni şəklimizi tapıram,
Qucaqlayıram,sonra bir də baxıram.
Hardasan indi hansı ölkədəsən?
Hansı şəhərdə,hansı mənzildəsən?
Necə yaxınlıqda,necə də yanımdaydın,
Neçə cür şəkildə əllərin çiynimdə...
Telefonu tapıram siqaret yandırıram,
Xəyallara dalıram...
Bəlkə yazım bir təbrik,bəlkə də zəng edim?!
Bəlkə ikicə sətir,mesajla nəql edim?!
Nolsun ayrılmışıq,hisslərim qarışıq?!
Yumub gözümü yuxuya gedirəm,
Səhər açılacaq günüm yaxşı olacaq.
Açılır səhər güzgüyə baxıram,
İşə tələsirəm saçımı darayıram.
Birdən zəng gəlir nömrə də başqadı,
-"Salam darıxıram,
-Bu gün ad günüm,
Yəqin unutmusan...
Səsini eşitmək,
Hədiyyə etmək...
Nə olar bi şey de"
-Deyirsən mənə,
Fincan əlimdən düşür çay yerə dağılır,
Elə istəyirəm deyim ki sənə,
"Unutmamışam...
Zəng edəcəkdim,
Yanına gəlməyə,
Səni görməyə,
Nələr verəcəkdim"
Elə bu anda sanki zaman dayanır,
Gözüm qaralır xəttin o başında,
Həmin bu anda yuxulu səslə körpə ağlayır...


вторник, 2 августа 2016 г.

Bir dəlinin şeiri

Gecələr ulduz səpilir səmadan yatağıma,
Yuxuda görmüşdüm ki,çiçəklərlə gəlmisən.
Oyandım,çöndüm baxdım aynaya,
Yağış yağırdı yaman görəsən üşümürsən?!
Eyni dünyada yaşayıb ayrı həyatlardayıq,
Bəlkə də ağlına gəlməz bir gün qayıdaram.
Eyni yataqda hər gün 2 yastığım var,
Bəlkə gün gələr bir səhər səninlə ayılaram.
Şimşəklər çaxır burda tez-tez gecələr,
"Kafirin pəncərəsini" dinləyirəm könül dincələr.
Qafiyə pozulur yenə şeirim korlanır,
Bakının harasındasa,hansısa ünvanda,
Tənhalığına sarılan biri oxuyub ağlayır...
Gələrsən...
Bir gün yığışıb gələrsən.
Kövrələrsən sevincdən sonra da gülərsən.
Açarsan şeirlərimi oxuyub...oxuyub...
Hər sətrimin altında,hər baş hərfdə,
Axtararsan özünü,tapıb üzülürsən.
Gələrsən bir gün axşam bir film izləyərik,
Qucaqlayarsan o gecə yuxuya gedərik.
Ulduzlar səpilər səmadan yenə yatağıma,
Ətrin yayılar tənhalıq qoxan sərin otağıma.
Səhər məni pıçıltınla öpüb oyadarsan,
Arxaya çönüb baxaram sən yox olarsan.
Yastığına toxunaram səthi sərindi,
Çiynimə toxunar burnum ətir sənindi.
Bağlayaram gözlərimi yenə o səs gəlir:
-Xanım,həbləri içməyi unutmayın,sabahınız xeyir...